Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda 37 saylı yataqxanada qeydə alınıb.
Aparılan araşdırmalara görə, qardaşlar aralarında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb. Qardaşların anası Lətifə Qurbanova deyir ki, onlar həmişə mehriban olublar. Ancaq son günlər böyük oğlu, Sumqayıtda Ruhi-Əsəb Xəstəlikləri Dispanserində müalicə alan Cəfər Qubadov qardaşı ilə dalaşmağa başlayıb. Nəticədə belə bir hadisə baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, hər iki qardaş heç evdən çölə çıxan olmayıblar. Qardaşını bıçaqlayan şəxsin son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ona lazımi tibbi yardım göstərilib. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Cəfər Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

