İtaliyada 45 yaşlı karmelit rahibə Nadir Santos da Silva monastır ordenindən olan bacılarını xilas edərkən boğularaq həyatını itirib.
Bu barədə La Sicilia məlumat yayıb.
Rahibələr dənizə yaxın ərazidə yaşadıqları üçün tez-tez çimərlik yaxınlığında gəzirdilər. Mayın 11-də onlardan üçü dayaz suda gəzmək qərarına gəlib. Lakin dalğalar güclü olduğundan qadınları dərinliyə aparıb.
Qadınlar üzə bilmədiyi üçün Nadir və digər rahibə Cessika onları xilas etmək üçün suya giriblər.
İki rahibə bacılarını sahilə çıxara bilib, lakin bu, Nadirin həyatı bahasına başa gəlib. O, su udaraq huşunu itirib və xilas edilə bilməyib.
Need To Know yazır ki, Nadir Braziliyada doğulub. 1999-cu ildə karmelitlər ordeninə qoşulub və daha sonra İtaliyaya köçüb.
Qeyd edək ki, karmelitlər ordeni XII əsrdə Karmel dağında zahidlər tərəfindən yaradılmış katolik monastır ordenidir. Onun üzvləri əsasən təfəkkür duasına, asket həyat tərzinə və Məryəm Anaya ehtirama önəm verirlər.

