ABŞ-ın Vaşinqton ştatının cənubunda yerləşən Lonqvyu şəhərində sellüloz-kağız kombinatında rezervuarın partlaması nəticəsində 1 nəfər ölüb, daha 9 nəfər itkin düşmüş hesab olunur.
Bu barədə CBS News məlumat yayıb.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisə nəticəsində 8 işçi və 1 yanğınsöndürən xəsarət alıb. Yaralılar yerli tibb mərkəzinə çatdırılıb, onlardan biri xəstəxanada dünyasını dəyişib.
Yanıq və tənəffüs yollarının zədələnməsi diaqnozu qoyulan 4 nəfər isə Portlenddəki ixtisaslaşmış yanıq mərkəzinə köçürülüb. Xəsarət alanların vəziyyətinin yüngüldən kritik həddə qədər dəyişdiyi bildirilir.
İlkin məlumata görə, müəssisədə ağ qələvi olan rezervuarda sızma və ya dağılma baş verib. Bu kimyəvi məhlulun tərkibində natrium hidroksid və natrium sulfid var və o, sellüloz-kağız istehsalında geniş istifadə olunur.
Hakimiyyət orqanları əhali üçün birbaşa təhlükə olmadığını bildirib. Bununla belə, rezervuarın qeyri-sabit vəziyyətdə qalması fövqəladə xidmət əməkdaşları üçün ciddi risk yaradır.
Qeyd olunur ki, bu hadisə Cənubi Kaliforniyada aerokosmik müəssisədə kimyəvi rezervuarla bağlı baş verən digər fövqəladə hal fonunda yaşanıb. Həmin ərazidə evakuasiya rejimi hələ də qüvvədədir.

