Braziliyanın Minaş-Jerays ştatında ötən həftəsonu başlayan daşqınlar ağır nəticələrə səbəb olub. CNN Brasil-in məlumatına görə, 24 fevral çərşənbə axşamı Uba şəhərində vəziyyət kritik həddə çatıb, küçələr çaylara çevrilib. 25 fevralda suyun səviyyəsi azalsa da, 26 fevral gecəsi yağıntılar yenidən güclənib.
Güclü yağışlar nəticəsində şəhərdə daşqın təkrar başlayıb. Su dəfn xidmətinə məxsus anbar və sərgi zalını basıb, oradan tabutlar küçələrə axıb. Hadisə yerli sakinlər tərəfindən lentə alınıb.
Yenilənmiş məlumata görə, Minaş-Jerays ştatında 48 nəfər həlak olub, 19 nəfər itkin düşmüş hesab olunur.
Juiz-de-Fora bələdiyyəsində təxminən 400 nəfər təxliyə edilib, 3000-ə yaxın sakin evsiz qalıb. Yerli hakimiyyət orqanları burada 42 ölüm və 17 itkin barədə məlumat verib.
Uba şəhərində isə 6 nəfər ölüb, 2 nəfər tapılmayıb. 26 nəfər evsiz qalıb, 178 nəfər yaşayış yerini tərk edib.
Ştat rəhbərliyi əsas məqsədin yeni insan itkilərinin qarşısını almaq və daşqın sonrası yarana biləcək xəstəliklərin yayılmasının önlənməsi olduğunu bildirib. Bir çox bina elektriksiz qalıb, həmçinin içməli suyun çirklənməsi qeydə alınıb.
Mütəxəssislər əhali üçün risklərin qiymətləndirilməsinə başlayıblar. Bölgədə müvəqqəti sığınacaqlar yaradılıb və sakinlərə təmiz su təmin olunur.

