Londondakı Kral Kollecinin farmakologiya üzrə eksperti Penni Uord məşhur bloqer və sağlam həyat tərzi məhsulları satan kiçik brendin sahibi Kristian Trendin ölümündən sonra “qurbağa detoksu” kimi tanınan üsulun təhlükələri barədə xəbərdarlıq edib. Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, Trend “kambo mərasimi” adlandırılan prosedurda iştirak edib. Bu mərasim zamanı Amazoniyada yaşayan zəhərli qurbağanın ifrazatı dərinin üzərinə çəkilir.
Daha əvvəl xərçəngə qarşı ağır müalicə keçən Kristian Trend bu ekzotik sağlamlıq üsulunun orqanizmini “təmizləməyə” kömək edəcəyinə inanıb. Lakin prosedurdan sonra onun halı pisləşib, o, huşunu itirib və həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni şərh edən Penni Uord bildirib ki, alimlər həqiqətən də qurbağa ifrazatındakı bəzi maddələri araşdırırlar. Lakin onların sağlamlıq üçün faydası elmi şəkildə sübut olunmayıb.
“Əksinə, çoxsaylı toksik təsir halları qeydə alınıb; müxtəlif ölkələrdən bir neçə insan bundan sonra sağ qalmayıb”, deyə ekspert vurğulayıb.
Uord xəbərdarlıq edib ki, kambo ağır fəsadlara səbəb ola bilər. Onun sözlərinə görə, bu prosedur qıcolmalar, daxili orqanların zədələnməsi və ürəyin dayanması kimi təhlükəli nəticələr doğura bilər.
Ekspert həmçinin qeyd edib ki, bu üsul alternativ tibb tərəfdarları arasında populyar olsa da, onun faydasını təsdiqləyən etibarlı elmi sübut yoxdur.

