ABŞ-də göyərtəsində 10 nəfərin olduğu hidroplan Vaşinqton ştatı yaxınlığında təcili eniş etməyə cəhd edərkən qəzaya uğrayıb və alovlanıb. Bu barədə Seattle Times qəzeti məlumat yayıb.
Məlumata görə, bütün sərnişinlər sağ qalıb, lakin onlardan biri ağır vəziyyətdədir, bir neçə nəfər isə müxtəlif xəsarətlər alıb.
Tək mühərrikli de Havilland DHC-3 markalı hidroplan Sietldən təxminən 150 kilometr şimalda, Susiya adası yaxınlığındakı Mello körfəzində qəzaya uğrayıb.
Pilotun operativ hərəkətləri sayəsində sərnişinlər güclü yanğın başlamazdan əvvəl təyyarəni tərk etməyə müvəffəq olublar.
Hidroplan Roş limanına doğru hərəkət edirdi. Qəzanın və sonradan baş verən yanğının səbəbləri araşdırılır.

