İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gedən avtomobil yolunda iri qaya parçasının yola düşməsi nəticəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə səbəbindən onlarla avtomobil və sakinlər yolda qalıb.
Məlumata görə, dağlıq ərazidən qopan iri qaya parçası birbaşa hərəkət hissəsinə düşərək yolun bağlanmasına səbəb olub. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəymədiyi bildirilir. Lakin təhlükəsizlik baxımından yol müvəqqəti olaraq nəzarətə götürülüb.
Ərazidə qalan sürücülər və sərnişinlər çətin anlar yaşayıb. Xüsusilə Lahıc istiqamətində hərəkət edən turistlər və kənd sakinləri saatlarla yolun açılmasını gözləməli olublar.
Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikalar cəlb olunub. Yolun qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.
İlkin ehtimallara görə, qaya uçqununa son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti və dağlıq ərazidə torpaq sürüşməsi səbəb olub.
Sürücülərə alternativ yollardan istifadə etmələri və həmin istiqamətdə diqqətli olmaları tövsiyə edilir.
Ellada Rəsul
Denmedia.az

