ABŞ-ın USS Abraham Lincoln aviadaşıyıcısında xidmət edən bir neçə dənizçinin intihara cəhd etdiyi bildirilir.
Military Times hərbçilərin yaxınlarına istinadən yazır ki, təxminən 5 min dənizçinin xidmət etdiyi gəmi ötən ilin noyabrının ikinci yarısında missiyaya başlayıb.
Aviadaşıyıcı ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarının təmin edilməsində iştirak edir. Missiyanın mayda başa çatacağı gözlənilsə də, dənizçilərin evə qayıdacağı dəqiq tarix hələ müəyyənləşdirilməyib. Nəticədə gəmi planlaşdırılan altı ay əvəzinə səkkiz aydan çoxdur xidmətdədir.
ABŞ Hərbi Dəniz Qüvvələri bildirib ki, gəmi rəhbərliyi hərbçilərin psixoloji vəziyyətini daim nəzarətdə saxlayır, zərurət yarandıqda onlara psixoloji və tibbi yardım göstərilməyə hazırdır.
Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələri missiya zamanı intihara cəhd edən və ya özünə qəsdən xəsarət yetirən hərbçilərin dəqiq sayını açıqlamayıb.

