Amerikalı milyonçu, iş adamı Rocer Duarte Keniyada baş verən helikopter qəzasında həyatını itirib. Bu barədə The New York Post məlumat yayıb.
Duarte Florida daş xərçənglərinin satışı və çatdırılması ilə məşğul olan George Stone Crab şirkətinin təsisçisi, həmçinin My Ceviche restoranlar şəbəkəsinin həmtəsisçilərindən biri olub. O, 2016-cı ildə “Forbes 30 Under 30” siyahısına daxil edilib.
Qəza avqustun 19-da səhər saatlarında Keniyanın şimalındakı Ololokve dağı yaxınlığında baş verib. Helikopter Loisaba qoruğu ərazisindən Evaso Nyiro istiqamətində uçarkən qəzaya uğrayıb. Göyərtədə olan yeddi nəfərin hamısı həlak olub.
Həlak olanlar arasında Ekvadorun Milli Kəşfiyyat Mərkəzinin rəhbəri Mişel Sensi-Kontuci, onun həyat yoldaşı, amerikalı-ekvadorlu dizayner Stefani Hollihan, media meneceri Xose Suares və pilot Coş Autram da olub.
Qəzanın səbəbi araşdırılır.

