Böyük Britaniyanın Kembricşir qraflığında yerləşən özəl zooparkda 30 yaşlı kişinin timsahların olduğu qəfəsə atdığı 3 yaşlı uşaq xəstəxanadan buraxılıb.
Uşağın ailəsi GoFundMe platformasında bildirib ki, balaca bir neçə həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb və hazırda bərpa prosesini ev şəraitində davam etdirir.
Valideynlərin sözlərinə görə, həkimlər uşaq üzərində bütün zəruri əməliyyatları həyata keçiriblər.
Ailə bildirib:
“Bir müddətdir xəbər vermirdik, çünki oğlumuz bir neçə həftə əvvəl xəstəxanadan buraxılıb. O vaxtdan bəri evdə yeni şəraitə uyğunlaşmağa çalışırıq.”
Hadisə iyun ayında Kembricşirdə yerləşən “Johnsons of Old Hurst” zoopark-farmasında baş verib.
Məlumata görə, 30 yaşlı kişi uşağı sürünənlərin saxlanıldığı qəfəsə atıb. Ağır xəsarət alan 3 yaşlı uşaq Addenbrooke xəstəxanasına yerləşdirilib.
Şübhəli şəxs hadisədən sonra saxlanılıb. Onun qonşu Norfolk qraflığının sakini olduğu bildirilir.
Hazırda uşaq ev şəraitində sağalma prosesini davam etdirir.

