Bakıda sevgi münasibətində olduğu qadına qarşı 235 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb.
Denmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxtın mərkəzində maklerlik və evlərin təmiri ilə məşğul olan, 1986-cı il təvəllüdlü R.Həsənov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci – külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
İş materiallarına əsasən, R.Həsənov 2023-cü ildə ev almaq və təmir etdirmək adı ilə sevgi münasibətində olduğu Gülbahar adlı qadından hissə-hissə ümumilikdə 235 min manat alıb.
O, qadına Nərimanov rayonunda, “MetroPark” ticarət mərkəzinin qarşısındakı yeni tikilidən mənzil göstərərək onun etibarını qazanıb.
Daha sonra pulu Gülbahardan və onun anasından alan R.Həsənov Azərbaycanı tərk edərək Dubaya gedib.
Qadın onun ölkədən getdiyini gördükdən sonra polisə müraciət edib və faktla bağlı cinayət işi başlanıb. R.Həsənov bu il saxlanılaraq istintaqa cəlb olunub və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə zərərçəkmiş qadın ona dəymiş ziyanın tam ödənildiyini bildirib və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə R.Həsənova 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, lakin cəza 2 il sınaq müddəti ilə şərti hesab olunub.
Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.

