Filippinin Palavan əyaləti sahillərində M/V June Aster sərnişin gəmisində güclü yanğın baş verib. Hadisə nəticəsində azı 5 nəfər həlak olub, 87 nəfər isə itkin düşüb.
AFP-nin yerli Sahil Mühafizəsi Xidmətinə istinadən yaydığı məlumata görə, yanğın çərşənbə günü axşam saatlarında gəmi sahildən iki kilometrdən bir qədər çox məsafədə, turistik bölgənin yaxınlığında olarkən başlayıb.
Sahil Mühafizəsinin kapitanı Noemi Kayabyabın sözlərinə görə, hadisə zamanı gəminin göyərtəsində ümumilikdə 134 nəfər olub. 40-dan çox sərnişini xilas etmək mümkün olub.
Yanğının hansı səbəbdən başladığı hələlik müəyyən edilməyib. Hadisə yerində xilasetmə xidmətləri fəaliyyət göstərir və itkin düşən 87 nəfərin axtarışları davam etdirilir.
Yerli hakimiyyət orqanları xilasetmə əməliyyatının gedişi ilə bağlı əlavə məlumatların veriləcəyini bildiriblər.

