Konqo Demokratik Respublikasının sahillərində, Tanqanika gölündə qayığın aşması nəticəsində azı 41 nəfər həlak olub.
Bu barədə “Sky News” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Tanqanika əyalətinin nəqliyyat naziri Norris Mulonqoyinin sözlərinə görə, hadisə cümə axşamı Mapera kəndi yaxınlığında baş verib. Tanzaniyadan Konqo Demokratik Respublikasına hərəkət edən qayıqda təxminən 100 nəfər və yük olub.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, 49 sərnişini xilas etmək mümkün olub. İtkin düşən şəxslərin axtarışları davam etdirilir.
Qayığın aşmasının səbəbi hələlik məlum deyil.

