Konqo Demokratik Respublikasında baş verən təyyarə qəzasında yüksək rütbəli hərbçilər də daxil olmaqla 13 nəfər həlak olub. Sağ qalan olmayıb.
Radio Okapi-nin məlumatına görə, həlak olanlar arasında Konqo Silahlı Qüvvələrinin baş auditoru, general-leytenant Lüsyen-Rene Likulia Bakumi də var. O, ölkənin hərbi ədliyyə sistemində ən yüksək hüquqi vəzifələrdən birini tuturdu.
“Let L-410” tipli kiçik təyyarə Kikwit şəhərindən paytaxt Kinşasaya uçarkən Kenge şəhəri üzərində texniki problemlə üzləşib. Pilot təcili eniş üçün uyğun yer tapmağa çalışaraq şəhər üzərində bir neçə dövrə vurub.
Lakin təyyarə Kenge şəhərində yaşayış sahələrindən birinə düşərək qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan 13 nəfərin hamısı həyatını itirib. Qurbanların əksəriyyətinin hərbi qulluqçular olduğu bildirilir. Yerdə olan şəxslər arasında ölən və ya yaralanan olmayıb.
Likulia Bakuminin xidməti yoxlama səfərində olduğu bildirilir. O, Konqo Silahlı Qüvvələrinin baş auditoru kimi ölkənin hərbi prokurorluq sistemində əsas vəzifələrdən birini icra edirdi.
Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

