Bakıda bankomatdan istifadə etməkdə çətinlik çəkən pensiyaçılara kömək etmək adı ilə onların pullarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Rəşidzadə saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs bankomatdan pul çıxarmaqda çətinlik çəkən yaşlı pensiyaçıları hədəf seçib. Onlara kömək təklif edən S.Rəşidzadə bu yolla bank kartlarını əldə edərək hesablardakı pul vəsaitlərini oğurlayıb.
Polis araşdırmaları zamanı üç belə fakt müəyyən edilib. Pensiyaçılara dəymiş ümumi ziyanın 2 400 manat olduğu bildirilib.
Faktla bağlı S.Rəşidzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

