Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Məscidül-Həramda partlayış törətmək cəhdi ilə bağlı yayılan məlumatlar rəsmi qurumlar tərəfindən təkzib edilib. Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilib.
Haberler.com nəşrinin məlumatına görə, ilkin xəbərlərdə Kəbənin yaxınlığında üzərinə partlayıcı bağlanmış şəxsin özünü partlatmağa çalışdığı, lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində zərərsizləşdirildiyi iddia olunub.
Məlumatda ibadət zamanı baş verdiyi bildirilən hadisədən sonra Məscidül-Həram və ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, əraziyə əlavə polis qüvvələrinin cəlb olunduğu qeyd edilib.

Lakin Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları yayılan məlumatlara münasibət bildirərək partlayış cəhdi barədə iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Anadolu Agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanları Məkkədə ətrafdakı insanları narahat edən, qorxu və təşviş yaradan bir nəfəri saxlayıb.
Rəsmi açıqlamada təhlükəsizlik qüvvələrinin hadisəyə dərhal müdaxilə etdiyi bildirilib.
Saxlanılan şəxsin üzərində partlayıcı qurğunun olması və ya terror aktı törətməyə cəhd etməsi barədə məlumatlar təsdiqlənməyib.
Qurum hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların əsassız olduğunu vurğulayıb.

