Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ABŞ ilə İran arasında yeni gərginliyin Yaxın Şərq üçün ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Denmedia.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, Qətərin Baş naziri bu barədə Vaşinqtona səfəri zamanı verdiyi müsahibədə danışıb.
“Yaxın Şərq ABŞ ilə İran arasında gərginliyin növbəti dəfə artmasına tab gətirə bilməz”, – deyə Al Tani bildirib.
Baş nazirin sözlərinə görə, Qətər Vaşinqton və Tehran arasında danışıqların bərpasına nail olmaq üçün hər iki tərəflə fəal əməkdaşlıq edir.
O, Vaşinqtona səfərinin əsas məqsədlərindən birinin regiondakı vəziyyətin gələcək inkişafını müzakirə etmək və tərəflər arasında vasitəçilik səylərini davam etdirmək olduğunu vurğulayıb.
Qətər rəsmisi mövcud gərginliyin diplomatik yollarla aradan qaldırılmasının vacibliyinə diqqət çəkib.

