50 yaşdan sonra kişilərin sağlamlığını qorumasında axşam saatlarında formalaşdırdıqları gündəlik vərdişlər mühüm rol oynayır. Dietoloqlar Aleksandr Lerits və Eşli Kitçens yatmazdan əvvəl diqqət edilməli üç əsas qaydanı açıqlayıblar.
Denmedia.az “EatingWell” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaş artdıqca kişilərdə ürək-damar xəstəlikləri, ikinci tip şəkərli diabet, əzələ kütləsinin və gücünün azalması, eləcə də yuxu pozuntuları riski yüksəlir.
Birinci və ən vacib tövsiyə keyfiyyətli yuxuya üstünlük verməkdir. Lerits bildirib ki, yuxu zamanı qan təzyiqi təbii olaraq aşağı düşür və bu, ürəyin sağlamlığına müsbət təsir göstərə bilər. Mütəxəssis hər gecə 7–9 saat yatmağı və sabit yuxu rejiminə əməl etməyi məsləhət görür.
İkinci qayda gec saatlarda yeməkdən və spirtli içkilərdən uzaq durmaqdır. Dietoloq yatmazdan ən azı üç saat əvvəl qida qəbulunu dayandırmağı tövsiyə edir.

Onun sözlərinə görə, spirtli içkilər yuxululuq yaratsa da, yuxunun keyfiyyətini aşağı sala bilər. Araşdırmalar göstərir ki, alkoqol yuxunun sürətli göz hərəkətləri (REM) mərhələsini qısaldır. Bu isə xüsusilə yuxu zamanı tənəffüsün müvəqqəti dayanması ilə müşayiət olunan obstruktiv yuxu apnesindən əziyyət çəkən kişilər üçün əlavə problem yarada bilər.
Üçüncü tövsiyə axşam yeməyindən sonra qısa gəzintiyə çıxmaqdır. Dietoloq Eşli Kitçensin sözlərinə görə, cəmi 15 dəqiqəlik piyada gəzinti qanda şəkərin səviyyəsini tənzimləməyə və həzmi yaxşılaşdırmağa kömək edə bilər.
Mütəxəssislər qeyd ediblər ki, müntəzəm fiziki aktivlik stressi azaltmağa, gün ərzində yığılan gərginliyi aradan qaldırmağa və yuxuya getməyi asanlaşdırmağa da kömək edir.

