Noyabrın 25-də Bakıda keçiriləcək “Sabah”–“Barselona” qarşılaşması ilə əlaqədar Bakı Metropoliteninin Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.
Denmedia.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, UEFA Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna azarkeş marağı nəzərə alınaraq Qırmızı xəttin iş vaxtı bir saat uzadılacaq.
Belə ki, noyabrın 25-dən 26-na keçən gecə Qırmızı xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qərar “Sabah” Futbol Klubunun müraciəti əsasında azarkeşlərin qarşılaşmadan sonra evlərinə rahat qayıtmasını təmin etmək məqsədilə qəbul edilib.
Bundan başqa, stansiyalara əlavə əməkdaşlar cəlb olunacaq və nəzarət tədbirləri gücləndiriləcək. Oyundan sonra qatarların hərəkət intervalı “Koroğlu” stansiyasında yaranacaq sərnişin sıxlığına uyğun tənzimlənəcək.
Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişməyəcək. Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun təşkil olunacaq.

