Avropa Komissiyası Rusiya bayrağı altında çıxış edən idmançıların və komandaların Avropa İttifaqı ərazisində keçirilən idman yarışlarında iştirakına qadağa qoyulmasını təklif edib.
Denmedia.az Avropa Komissiyasının rəsmi məlumatına istinadən xəbər verir ki, bu barədə qurumun sədri Ursula fon der Lyayen noyabrın 23-də Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edərkən bildirib.
“Bu gün Avropa İttifaqında keçirilən bütün idman tədbirlərində Rusiya bayrağı altında yarışan komandaların və idmançıların iştirakına qadağa qoyulmasını təklif edirik”, – deyə o vurğulayıb.
Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası idman yarışlarında Rusiyanın rəsmi dövlət rəmzlərinin nümayişinin də qadağan edilməsini istəyir.
Bundan başqa, Rusiyalı sponsorların Avropada fəaliyyət göstərən idman və mədəniyyət təşkilatlarını maliyyələşdirməsinə məhdudiyyətlər tətbiq olunması nəzərdə tutulur.
“Biz həmçinin Rusiya vətəndaşlarının Avropada yerləşən idman federasiyalarının rəhbər orqanlarında vəzifə tutmaq imkanlarını məhdudlaşdırmağı təklif edəcəyik”, – deyə Avropa Komissiyasının sədri bildirib.
Təkliflər Rusiyaya qarşı hazırlanmış 22-ci sanksiya paketinə daxildir. Məhdudiyyətlərin qüvvəyə minməsi üçün onların Avropa İttifaqı tərəfindən təsdiqlənməsi tələb olunur.

