“Şuşada, Füzulidə və Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürur mənbəyidir. Qarabağdakı qələbənin sevincini birlikdə bölüşdüyümüz kimi, Qafqazda sülh və rifah naminə də qətiyyətlə çalışacağıq”.
Denmedia.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Türkiyə Prezidenti bildirib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini gücləndirməklə yanaşı, Türkiyə ilə Türk dünyası arasında əlaqələrin inkişafı üçün də yeni imkanlar yaradacaq.
“Türkiyə tarix boyu Qafqaz regionunun həm kədərini, həm də sevincini bölüşüb. Ortaq tariximizin bizə verdiyi gücə arxalanaraq gələcək nəsillərə sülh və sabitliyin hökm sürdüyü bir region miras qoymaq istəyirik”, – deyə Ərdoğan vurğulayıb.
O, həmçinin Prezident İlham Əliyevlə imzaladığı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunub.
Ərdoğan qeyd edib ki, “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan–Türkiyə münasibətləri Şuşa Bəyannaməsi sayəsində müttəfiqlik səviyyəsinə yüksəlib.

