Davamlı stress və uzun müddət toplanan yorğunluq gündəlik həyatda unutqanlığın yaranmasının əsas səbəblərindən ola bilər.
Denmedia.az xəbər verir ki, bu barədə neyropsixologiya üzrə mütəxəssis, Moskva Psixoanaliz İnstitutunun müəllimi Viktoriya Şimanskaya danışıb.
Mütəxəssisin sözlərinə görə, insan uzun müddət stress və emosional tükənmə vəziyyətində olduqda beyin yeni məlumatları əvvəlki kimi mənimsəyə bilmir. Davamlı gərginlik sinir sistemini yükləyir və orqanizmin enerjiyə qənaət etməyə çalışması yaddaşın zəifləməsinə səbəb olur.
Şimanskaya bildirib ki, yorğunluq insanın diqqət, öyrənmə və yaddaş kimi zehni qabiliyyətlərinə ciddi təsir göstərə bilər.

O, buna nümunə olaraq yuxusuzluğun yaddaşa təsirini araşdıran təcrübəni göstərib. Təcrübə zamanı bir gecə yatmayan iştirakçılarda beynin yaddaşın formalaşmasına və öyrənməyə cavabdeh olan hippokamp nahiyəsinin fəallığının azaldığı müşahidə olunub. Nəticədə həmin şəxslər daha əvvəl gördükləri məlumatları tanımaqda çətinlik çəkiblər.
Mütəxəssis vurğulayıb ki, unutqanlıqla yanaşı narahatlıq, əsəbilik və söhbət zamanı diqqəti cəmləməkdə çətinlik də yaranırsa, bu əlamətlərə ciddi yanaşmaq lazımdır.

Onun sözlərinə görə, normal istirahətdən sonra belə həmin problemlər aradan qalxmır və bir neçə həftədən çox davam edirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

