Gündəlik istifadə etdiyimiz duş başlıqları və şlanqların daxili səthində sağlamlıq üçün təhlükə yarada bilən bakteriyalar çoxala bilər. Mütəxəssislər xüsusilə yaşlı və immun sistemi zəif olan insanları diqqətli olmağa çağırırlar.
Denmedia.az xəbər verir ki, bu barədə NEWS.ru nəşrinə biologiya üzrə mütəxəssis, Dövlət Maarifləndirmə Universitetinin Təbiət Elmləri Fakültəsinin dekan vəzifəsini icra edən İrina Lyalina danışıb.
Onun sözlərinə görə, duş başlığının və şlanqın daxili səthi müxtəlif mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitdir. Xüsusilə suyun temperaturu aşağı olduqda və suyun dövranı kifayət qədər olmadıqda bakteriyaların toplanması üçün daha münasib şərait yaranır.
Bioloq bildirib ki, bu mikroorqanizmlər arasında dəri, qulaq və tənəffüs yollarının infeksiyalarına səbəb ola bilən göy-yaşıl irin çöpləri (Pseudomonas aeruginosa), pnevmoniya yarada bilən legionella bakteriyaları və dəri infeksiyalarına yol aça bilən stafilokoklar var.

Mütəxəssisin sözlərinə görə, çirklənmiş duş başlığından istifadə bəzi hallarda follikulit, furunkul, qulaq və tənəffüs yollarının infeksiyaları ilə nəticələnə bilər.
Lyalina xüsusilə legionella bakteriyasının yaratdığı legionellyoz xəstəliyinə diqqət çəkib. Bu infeksiya bakteriyalarla çirklənmiş xırda su damcılarının nəfəs yolu ilə orqanizmə daxil olması nəticəsində yarana bilər və yaşlılar, eləcə də immun sistemi zəif olan şəxslər üçün daha böyük təhlükə daşıyır.
Bioloq duş başlığının mütəmadi olaraq açılıb yuyulmasını tövsiyə edib. Onun sözlərinə görə, bu üsulla daxili səthdə toplanan çöküntüləri və mikroorqanizmlərdən ibarət bioloji təbəqəni təmizləmək mümkündür.

