Tanzaniyada göyərtəsində 30 nəfərin olduğu təyyarə uçuş zamanı zebra ilə toqquşduqdan sonra qəza enişi edib.
The Mirror yazır ki, Sindbard Air şirkətinə məxsus təyyarədə 26 sərnişin və 4 ekipaj üzvü olub. Hadisə Serengeti Milli Parkındakı uçuş-enmə zolağında baş verib. Zebra ölüb.
Toqquşmadan sonra ekipaj təyyarəni Kilimancaro Beynəlxalq Hava Limanına istiqamətləndirib. Lakin təyyarənin əsas şassi dayaqlarını açmaq mümkün olmayıb.
Nəticədə təyyarə şassisiz eniş edib və gövdəsinin alt hissəsi uçuş-enmə zolağı boyunca sürüşüb.
Göyərtədə olan şəxslərdən heç kim xəsarət almayıb. Təyyarəyə isə ciddi ziyan dəyib.

