Fransanın Kolomb şəhərində model skautu və fotoqraf 69 yaşlı Daniel Siadın meyiti tapılıb.
Bu barədə Le Parisien məlumat yayıb.
Nəşrin məlumatına görə, Siad müvəqqəti yaşadığı tanışının evində ürək dayanması nəticəsində ölüb. O, həbsxanada intihar edən maliyyəçi və seksual cinayətkar Ceffri Epşteynin işi ilə əlaqələndirilirdi.
Bildirilir ki, Siadın adı Epşteyn işi üzrə açıqlanan sənədlərdə iki mindən çox dəfə keçir. O, maliyyəçi ilə 2019-cu ilədək əlaqə saxlayıb.
Yazışmalarda Siadın Epşteyn üçün Şərqi Avropa və Skandinaviya ölkələrində tapdığı qızların müzakirə edildiyi bildirilir. Həmin qızlardan bəzilərinin 15–17 yaşlarında olduğu qeyd edilir.
Siadın tanışları “Le Parisien”ə bildiriblər ki, o, son vaxtlar işləmirdi və maliyyə çətinlikləri yaşayırdı. Siad özü isə daha əvvəl Epşteyn işi ilə bağlı hər hansı günahının olduğunu inkar etmişdi.
Ceffri Epşteyn 2008-ci ildə yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə sövq etməkdə təqsirli bilinmişdi.
O, 2019-cu ilin yayında yenidən saxlanılmış, qadınların, o cümlədən yetkinlik yaşına çatmayanların alverində və onları fahişəliyə sövq etməkdə ittiham olunmuşdu. Elə həmin il məhkəmə başlamazdan əvvəl Epşteyn həbsxana kamerasında ölü tapılmışdı.
2025-ci ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi Epşteynin elektron arxivini açıqlamağa başlayıb. Sənədlərdə dövlət başçılarının, milyarderlərin və digər tanınmış şəxslərin adları yer alır.

