Malidə silahlı qruplar bir neçə şəhərdə koordinasiyalı hücumlar həyata keçirib.
“İzvestiya”nın məlumatına görə, hücumlar paytaxt Bamako da daxil olmaqla bir neçə bölgədə eyni vaxtda başlayıb. Xüsusilə Kati hərbi bazası ətrafında partlayışlar və Modibo Keyta beynəlxalq hava limanı yaxınlığında atışmalar qeydə alınıb.
Mali ordusunun Baş Qərargahı baş verənləri terror qruplarının hücumu kimi qiymətləndirib və paytaxtda vəziyyətin nəzarət altında olduğunu bildirib.
Məlumata görə, yollar bağlanıb, blokpostlar qurulub və nəqliyyat yoxlanılır.
Bundan əlavə, tuareq üsyançılarından ibarət FLA qruplaşması ölkənin şimalında yerləşən Kidal şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Ekspertlərin fikrincə, bu hadisələr son illərin ən genişmiqyaslı hücumlarından biri hesab olunur. Qeyd olunur ki, ölkənin şimal və şərq bölgələrinin böyük hissəsi uzun müddətdir hökumətin tam nəzarətində deyil.

