Bakıda NATO-nun Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kurs çərçivəsində hərbi qulluqçulara “NATO-da təlimlərin planlaşdırılması”, “NATO standartlarına uyğun təlimlərin keçirilməsi və məqsədlərin müəyyənləşdirilməsi” mövzularında, eləcə də digər məsələlərlə bağlı brifinqlər təqdim olunub.

Daha sonra iştirakçılar üçün qrup və fərdi məşğələlər təşkil edilib.
Kursda Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyiciləri iştirak edirlər.
Kursun əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin müasir tələblərə uyğun artırılması, müasir texnoloji həllərin, metod və vasitələrin tətbiqinin öyrədilməsi, həmçinin bu sahədə NATO standartları və prosedurlarının mənimsənilməsidir.
Kurs iyulun 2-dək davam edəcək.

