ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapianı Nyu-York hava limanında saxlayıb.
Bu barədə Argentinanın TN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə dünya çempionatının finalından dərhal sonra baş verib. Tapia ilə yanaşı, təşkilatın digər üzvlərinin də noutbukları və mobil telefonları götürülüb.
Məhkəmə sənədlərinə əsasən, Klaudio Tapia, AFA-nın xəzinədarı Pablo Tovigino və assosiasiya rəhbəri ilə əlaqəli olduğu bildirilən sahibkar Xavyer Faroni 30 iyulda ifadə vermək üçün Floridanın Cənub dairəsi üzrə məhkəməyə gəlməlidirlər.
Saxlanılmanın AFA-nın maliyyə əməliyyatları ilə bağlı aparılan araşdırma ilə əlaqəli olduğu bildirilir.
Bundan başqa, Xavyer Faroni və həyat yoldaşının Cənubi Floridada dörd elit daşınmaz əmlak obyekti alması da diqqət çəkib. Həmin əmlakların ümumi dəyərinin 11 milyon dollardan çox olduğu qeyd edilir.
Eyni zamanda, ABŞ Ədliyyə Nazirliyi AFA-nın maliyyəsi ilə bağlı ilkin araşdırma aparır. Araşdırmada assosiasiyanın Amerika bank sistemi üzərindən həyata keçirdiyi əməliyyatlarda mümkün dələduzluq hallarının olub-olmadığı yoxlanılır.

