İranın xarici işlər naziri Abbas Arakçı İraq Kürdüstanının Baş naziri Məsrur Barzaninin ofisinə edilən hücumla bağlı kürdlərə çağırış edib.
Arakçı bildirib ki, hücumun məqsədi tərəflər arasında parçalanma yaratmaqdır. O, sosial şəbəkə X-də paylaşımında yazıb:
“Kürd dostlarımız ayıq-sayıq olmalı və qonşular arasında parçalanma yaratmaq məqsədi daşıyan təxribatlara uymamalıdır.”
İran XİN rəhbərinin sözlərinə görə, İraqın kürd bölgəsinə hücumu heç nə ilə əsaslandırmaq mümkün deyil.
Qeyd edək ki, avqustun 17-də İraq Kürdüstan Regional Hökumətinin baş nazirinin ofisi iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Kürdüstan Regional Hökumətinin təhlükəsizlik qurumu dronların İran ərazisindən buraxıldığını bildirib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı açıqlanıb.

