Aprelin 30-da Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılış mərasimlərində iştirak edib.Bununla əlaqədar olaraq media nümayəndələri Prezidentin izi ilə ilk olaraq “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
“Kartaş Kimya” Məhdud məsuliyyətli cəmiyyətinin tikinti kimyəvilərinin istehsalı zavodunun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur. Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir.
Zavodun direktoru Nəcməddin Taşbağ bildirib ki, Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.
Daha sonra media nümayəndələri “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunda olublar. KİV nümayəndələrinə müəssisənin təsisçisi Samir İbadullayev məlumat verib ki, müəssisədə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır.
Bildirilib ki, fəaliyyətə başlayan bu 2 müəssisənin ümumilikdə investisiya kapitalı 44 milyon manatdan çoxdur, I mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə əlavə olaraq 200 nəfərlik daimi iş yerinin də yaradılması nəzərdə tutulur. İlkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək.
Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə ölkəmizdə mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 88-ə çatıb. Bundan başqa cari ildə Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Məlumata verilib ki, indiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 13,88 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 4,88 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində Sənaye Parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2%, ixrac isə 17,2% artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5%, ixracında isə 26,1% təşkil edib.