Azərbaycanda pensiyalarla bağlı vacib YENİLİK - Əlavə pul almaq mümkün olacaq -VİDEO
Azərbaycanda dövlət pensiya sistemindən fərqli olaraq, vətəndaşların könüllü şəkildə topladığı vəsaitlərin qorunmasını təmin edən özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb. Bu fondların əsas məqsədi vətəndaşların pensiya yaşına çatdıqdan sonra yalnız dövlət təminatı ilə kifayətlənməməsi, əlavə olaraq özəl fondlardan da ödənişlər alaraq maddi vəziyyətlərini yaxşılaşdırmasıdır.
DenMedia.azİTV-yə istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, hazırda bu istiqamətdə qanunvericilik bazasının hazırlanması prosesi gedir. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və hökumət daxilində razılaşdırma mərhələsindədir. Gözlənilir ki, sənəd ya payız, ya da yaz sessiyasında Milli Məclisə təqdim olunsun.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Emil Əliyev bildirib ki, Avropa İttifaqının maliyyələşdirdiyi çərçivə-saziş layihəsi çərçivəsində beynəlxalq ekspertlər də prosesə cəlb ediliblər. Nazirlik nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrup hazırda layihə üzərində təkmilləşdirmə işlərini aparır.
Mütəxəssislər bildirirlər ki, dövlət pensiya sistemindən fərqli olaraq, özəl fondlar topladıqları vəsaitləri investisiya edərək artırırlar. Lakin bu vəsaitlərin harada və necə yerləşdirilməsi xüsusi qaydalarla tənzimlənəcək. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaşların vəsaitlərinin risk altında qalmaması üçün zəmanət mexanizminin tətbiqi nəzərdə tutulur.
İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, Qərb təcrübəsinə əsasən, vətəndaşlar pensiya yaşına çatdıqda toplanmış vəsaiti ya birdəfəlik götürmək, ya da hissələrə bölünmüş şəkildə almaq imkanına malik olurlar. Üstəlik, özəl pensiya sxemlərində vərəsəlik hüququ da mövcuddur.
Mütəxəssisin sözlərinə görə, əmək bazarında rəqabət mühitinə uyğun olaraq şirkətlər işçilərinə əlavə stimullar təklif edə bilər. Necə ki, əməkhaqqı paketinə bonuslar daxil edilirsə, eyni qaydada özəl pensiya sxemi də əmək müqaviləsinə əlavə edilə bilər.
Beləliklə, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlət təminatı ilə kifayətlənməyəcək, həm də özəl pensiya fondlarından gəlir əldə etməklə daha yaxşı maddi şəraitə sahib ola biləcəklər.
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.