Çin iqtisadiyyatının sabitliyi ciddi risk altındadır. İnvestisiya bankiri Yevgeni Koqanın Telegram-kanalında yazdığına görə, ölkənin dövlət borcu 2025-ci ilə qədər ÜDM-in 96 faizinə çatıb. Pandemiyanın fəsadları, ABŞ-la ticarət müharibələri və daşınmaz əmlak bazarının çökməsi dövlət büdcəsinə ağır zərbə vurub.
Məsələni daha da ağırlaşdıran əsas amil hökumətin xərclərinin gəlirlərini xeyli üstələməsidir. Büdcə kəsiri təhlükəli səviyyədə — 8 faizdən yuxarı qalır. Koqanın fikrincə, əsas təhlükə isə regionların “gizli borcları” ilə bağlıdır.
Uzun illər ərzində Çində yerli hakimiyyət orqanları dolayı maliyyələşmə sxemlərindən istifadə ediblər: vasitəçilər üzərindən kreditlər götürülüb, bu pullarla yollar və körpülər tikilib, borclar isə torpaqların tikinti şirkətlərinə satışı hesabına qaytarılıb. Bu xərclər də nəzərə alındıqda, Çinin real borc yükü artıq ÜDM-in 125 faizinə çatır ki, bu da ABŞ-la eyni səviyyədir.
“Uzunmüddətli investisiya qərarları verərkən nəzərə almaq lazımdır ki, Çində borc böhranı riski ABŞ-dan heç də az deyil. Gələcəkdə Şərqdən ‘qara qu quşu’nun gəlməsi istisna olunmur”, — deyə Koqan xəbərdarlıq edib.
İnvestorun sözlərinə görə, borc böhranı ehtimalı olduqca yüksəkdir. Onun yekun qənaəti isə belədir: Çin iqtisadiyyatı artıq “sakit liman” sayılmır və Şərqdə mümkün böyük maliyyə çöküşü zaman məsələsinə çevrilib.

