ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti ərzində dolların dəyəri təxminən 3% azalıb. Bu barədə "RİA Novosti" ABŞ-ın rəsmi statistika orqanlarının məlumatlarına və “Ekspert RA” reytinq agentliyinə istinadən xəbər verir.
Jurnalistlərin məlumatına görə, 2025-ci ilin yekunları üzrə dolların alıcılıq qabiliyyəti 2,6% azalıb. Bu göstəricilərin əsas səbəbləri inflyasiya dinamikası və Federal Ehtiyat Sisteminin (FES) pul-kredit siyasətinin yumşaldılması olub.
“Əsas təhlükə Federal Ehtiyat Sisteminin müstəqilliyinin zəifləməsi və administrasiyanın ticarət və borc siyasətində ardıcıllığın olmamasıdır. ABŞ-ın maliyyə siyasətinə inam sarsılarsa, dollar ciddi zərər görə bilər, lakin aydın alternativ olmadığı üçün nəticədə hamı itirəcək,” — deyə “Ekspert RA"-nın baş iqtisadçısı Anton Tabax bildirib.
Yanvarın 3-də SWIFT beynəlxalq banklararası sistemi açıqlayıb ki, 2025-ci ilin noyabrında dolların bu sistem üzrə hesablaşmalardakı payı son beş ildə ilk dəfə azalıb. Ayın yekunlarına görə, göstərici 46,77% təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,91 faiz bəndi azdır.

