Rusiya Ermənistandan tərəvəz, meyvə, alkoqol və bir sıra digər məhsulların idxalını qadağan edib.
“Agentstvo” nəşri bunu Moskvanın 2015-ci ildən bəri ən genişmiqyaslı ticarət müharibəsi kimi qiymətləndirib.
Qadağa siyahısına pomidor, xiyar, şirin bibər, göyərti və çiyələk daxil edilib. Məhdudiyyətlər həmçinin Ermənistan ərazisindən tranzit keçən məhsullara da şamil olunur.
Mövcud qiymətləndirmələrə görə, Ermənistanın tərəvəz və meyvə ixracının 85 faizə qədəri Rusiya bazarının payına düşür. Bundan başqa, konyak tədarükünün təxminən 80 faizi, gül ixracının isə 90 faizdən çoxu Rusiyaya yönəlir.
Ekspertlər hesab edirlər ki, qısamüddətli məhdudiyyətlər Ermənistan iqtisadiyyatı üçün kritik nəticələr yaratmaya bilər. Lakin qadağaların uzun müddət qüvvədə qalması ixrac yönümlü şirkətlərə ciddi zərbə vura bilər.
Daha əvvəl Rusiya Ermənistandan gül, “Cermuk” mineral suyu, həmçinin ayrı-ayrı konyak və şərab istehsalçılarının məhsullarının idxalına da məhdudiyyətlər tətbiq etmişdi.

