Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi topdansatış məntəqələrində unun yeni qiymətlərini açıqlayıb.
Təqdim edilən məlumatlara əsasən, hazırda istehsalçılarda unun topdansatış qiyməti təxminən 26,50 manatdan 29,40 manatadək dəyişir. Müəssisələrin əksəriyyəti 50 kiloqramlıq un kisəsini 28,50 manata təklif edir.
Siyahıda ən aşağı qiymət Şabran rayonunda yerləşən “Dəvəçi-Taxıl” MMC-də qeydə alınıb. Burada 50 kiloqramlıq un kisəsi 26,50 manata satılır.
“Dəvəçi-Dəyirman”da isə qiymət 27,20 manatdır.
Hazırda siyahıda ən yüksək qiymət Gəncədə fəaliyyət göstərən “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-də – 29,40 manat göstərilib.
Göygöl rayonunun Quşqara kəndində yerləşən “Osmanlı Taxıl” MMC-də 50 kiloqramlıq un kisəsinin qiyməti 29,20 manat, “Anadoluqida” və “AVETA”da isə 28,60 manatdır.
Siyahıya Bakı, Sumqayıt, Gəncə, Şabran, Tovuz, Xaçmaz, Salyan, Ağsu, Göygöl və digər rayonlarda fəaliyyət göstərən müəssisələr də daxil edilib.
Müqayisə üçün qeyd edək ki, aprelin 6-da 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,1–28,6 manat arasında dəyişirdi.
Hazırda isə qiymət aralığı 26,5–29,4 manata yüksəlib. Beləliklə, minimum qiymət 40 qəpik, maksimum qiymət isə 80 qəpik artıb. Ayrı-ayrı istehsalçılarda bahalaşma 1 manata çatıb.

