Fransada qiymətlərin artması və iqtisadi vəziyyətlə bağlı narahatlıq əhalini gündəlik xərclərini azaltmağa vadar edir.
“Reuters”in məlumatına görə, qənaət xüsusilə kafe və restoranlarda özünü göstərir. Müştərilər getdikcə daha çox bir yeməyi iki nəfər arasında bölüşür, şərab sifarişindən imtina edir və ya yalnız əsas yeməklə kifayətlənirlər.
Sentyabrda keçirilən sorğunun nəticələrinə əsasən, fransızların 58 faizi vacib olmayan xərclərini azaltdığını, 60 faizi isə inflyasiyanın sürətləndiyini düşündüyünü bildirib. Respondentlərin yarıdan çoxu qarşıdakı bir il ərzində alıcılıq qabiliyyətinin daha da zəifləyəcəyini gözləyir.
İstehlak xərcləri Fransa ÜDM-nin təxminən yarısını təşkil etdiyindən əhalinin qənaətə keçməsi ölkə iqtisadiyyatına da təsir göstərə bilər. Eyni zamanda alış-verişin azalması vergi daxilolmalarını zəiflədərək 2027-ci il büdcəsinin hazırlanmasını daha da çətinləşdirə bilər.

