Rusiyada banklar borcluların şəxsi xərclərini daha ciddi yoxlamağa başlayıblar. Məqsəd məhkəmə yolu ilə borcların silinməsinə mane olmaqdır.
Bu barədə Baza “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Sankt-Peterburqda bankın müraciəti əsasında məhkəmə yerli sakinin taksi, yemək çatdırılması, xarici səfərlər və avtomobil icarəsinə çəkdiyi xərclərlə bağlı məlumatları əldə edib.
Banklar borcluların sosial şəbəkə hesablarını da araşdırmağa başlayıblar. Kalininqradda kreditorlardan biri blogerin bahalı səyahətləri və texnikası ilə bağlı paylaşımlarını əsas gətirərək onun borcunun silinməsinə etiraz edib. Lakin məhkəmə blogerin borcun ödənilməsi üçün müsadirə edilə biləcək əmlakının olmadığını müəyyən edərək borcun silinməsi barədə qərar verib.
Məlumata görə, cari ilin ikinci rübündə təxminən 140 min fiziki və hüquqi şəxs müflis elan edilib. Yanvar–iyun aylarında borcların silinməsindən imtina hallarının payı təxminən üç dəfə artıb.

