Azərbaycanın xarici dövlət borcu bu il iyulun 1-nə 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.
Denmedia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borcun 86,4 faizi ABŞ dolları ilə formalaşıb. Xarici borcun tərkibində avronun payı 6,1 faiz, yapon yeninin payı 3,1 faiz, Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqlarının payı isə 2,9 faiz olub. Digər valyutaların ümumi payı 1,5 faiz təşkil edib.
Öhdəliklərin 49,4 faizi dəyişkən, 50,6 faizi isə sabit faiz dərəcəsi ilə cəlb olunub.
Xarici dövlət borcunun 59,5 faizi növbəti 5 il ərzində, 34,9 faizi 5–10 il müddətində, qalan 5,6 faizi isə 10 ildən sonrakı dövrdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri və avrobondlar üzrə ödəniş qrafikinə əsasən, xarici dövlət borcunun orta ödəmə müddəti 4,8 il təşkil edir.



