10 
iyl
2023
18:36
221

“Ana Kür”də sevgi cinayəti: “Son zəng”ə gələn tələbəni qanına boyadı - TƏFƏRRÜAT

10 iyl, 2023
18:36
221

“Ana Kür”də sevgi cinayəti: “Son zəng”ə gələn tələbəni qanına boyadı - TƏFƏRRÜAT

Sabirabad rayonunda 2002-ci il təvəllüdlü Bəhruz qısqanclıq zəminində sevgilisi Vüsaləni bıçaqlayıb.
 
Den.az teleqraf.com-a istinadən xəbər verir ki, Bəhruz 20 iyun 2021-ci ildə saat 20 radələrində Sabirabad rayonunun Qaralar kəndində yerləşən “Ana Kür” restoranına gəlib.
 
Bəhruz sevgi münasibətində olduğu Vüsalənin orta məktəbi qurtarması münasibətilə sinif yoldaşları ilə “Son zəng” tədbirində iştirakını qısqanclıqla qarşılayıb. Bu hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib. Vüsaləyə yaxınlaşaraq bıçaqla kürək nahiyəsinə vurub.
 
İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, Bəhruzu orta məktəbdə oxuduğu vaxtlardan tanıyır: “Hələ doqquzuncu sinifdə oxuyarkən Bəhruzla münasibətlərimiz yarandı. Bəhruz məni sevdiyini dedi. Mən də onu sevdiyimdən qarşılıqlı münasibətlərimiz yarandı”.
 
Zərərçəkmiş deyib ki, 2020-ci ilin noyabrında Bəhruzun ailəsi onlara elçi gəlib və ailəsi onun Bəhruzla evlənməsinə etiraz etməyib: “Həmin vaxt qohumlarımız müharibədə şəhid olduğundan, həm də 18 yaşım tamam deyildi deyə, Bəhruzla rəsmi nişan mərasimimiz olmadı. Lakin münasibətlərimiz nişanlı kimi davam etdi.
 
Bir müddət sonra Bəhruz mənim bütün işlərimə qarışmağa başladı. Mənə qohumlarımın evinə getməyi, bəzi paltarları geyinməyi qadağan etdi. Aramızda sözlə mübahisələrimiz yaranmağa başladı. Bəhruzun bu tələbləri məni əsəbiləşdirdiyindən onunla görüşərək danışmaq istəmədiyimi dedim. Həmçinin Bəhruzun telefon zənglərinə cavab vermədim. Bir müddət əlaqələrimiz kəsildi”.
 
Vüsalə bildirib ki, 2021-ci ilin iyununda Bəhruz "Instagram" səhifəsində bir neçə dəfə ona ismarıc yazaraq "Son zəng" şənliyinə getməyi qadağan edib:
 
“Bəhruza cavab yazmadım. Onun mənim şənliyə getməyimə qadağa qoymasına əhəmiyyət vermədim”.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edib.


Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona iki il sınaq müddəti olmaqla, üç il altı ay şərti cəza təyin edilib.

Hökmdən narazı qalan prokuror protest verib. Prokuror təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmasını istəyib.
 
Bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində prokurorun protestinə baxılıb və təmin edilməyib. Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib.
 
Prokuror kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən ağırlaşdırıcı hallarının müəyyən edilməsi üçün apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edilməsini istəyib.
 
Ali Məhkəmə tərəfindən prokurorun protesti təmin edilib və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib. İşin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
 
Bu günlərdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin edilməyib. Amma Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və yeni hökm çıxarılıb.
 
Yeni hökmə əsasən, Bəhruz Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib. Onun barəsində olan hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilib.
 
Bəhruza üç il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, dərhal məhkəmə zalında həbs edilib.
 
Qeyd edək ki, Bəhruz İnşaat Kollecinin tələbəsi olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar