Sabunçu rayonunda bir gecədə silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında ümumilikdə yeddi evə qanunsuz daxil olaraq təxminən 10 min manat dəyərində elektrik kabellərini aparıblar.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, izlərini itirmək üçün oğrular bəzi evlərdə quraşdırılmış müşahidə kameralarını da sıradan çıxarıblar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev olduqları müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, oğurlanmış kabellər əlvan metal qəbulu məntəqələrinə təhvil verilib.
İstintaq hərəkətləri davam etdirilir.

