Qaradağ rayonunda keçirilən əməliyyatlar zamanı 66 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Onun üzərindən və idarə etdiyi ərazidən 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd metadon həbi aşkar olunub.
Növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulub. Ondan 23 kiloqram 975 qram marixuana götürülüb.
Sonuncu əməliyyatda narkotiklərin paytaxt ərazisində yayılmasını təşkil etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, onun yaşıdı Nazir Tağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsində saxlanılıblar. Həmin şəxslərdən 20 kiloqram 250 qram marixuana aşkarlanıb. Bildirilir ki, narkotik vasitələr Bakı şəhərində müxtəlif ünvanlara yerləşdirilmək məqsədilə gətirilib.
Beləliklə, son əməliyyatlar çərçivəsində ümumilikdə 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

