Sumqayıt şəhərində ağır cinayət hadisəsinin təfərrüatları məlum olub.
Yevlax rayon sakini, 49 yaşlı İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 31 yaşlı Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisədən sonra qaçmağa cəhd edən İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Mərhumun qohumlarının “DenazTv”-yə verdiyi məlumata görə, cütlük rəsmi nikahda olmayıb.
Məlumata görə, şəxslər birlikdə yaşadıqları müddətdə tez-tez ailədaxili münaqişələr yaşanırmış. Qadın ərindən ayrılmaq istədiyini deyirmiş. Cütlüyün iki azyaşlı övladı olduğu qeyd olunur.
Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, martın 6-da 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun qadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İ.Ramazanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Nizami Rəsulov
Denmedia.az

