Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda boşanmaq istədiyi həyat yoldaşı tərəfindən silahlı hücuma məruz qalan 40 yaşlı qadın həyatını itirib.
Hadisə gecə saat 01:00 radələrində Kışla məhəlləsində baş verib.
Məlumata görə, Pozantı Bələdiyyəsində çalışan Hatice Mine Kocamaz ailədaxili münaqişələr səbəbindən bir müddət əvvəl məhəllə gözətçisi olan həyat yoldaşı H.E.K.-dən boşanmaq üçün məhkəməyə müraciət edib.
İddiaya əsasən, boşanma qərarından vaz keçməsi üçün qadına təzyiq göstərən H.E.K. onun evinə gedib. Şübhəli şəxs qadın yatdığı zaman üzünü yastıqla bağlayaraq baş nahiyəsindən atəş açıb.

Silah səsini eşidən qonşuların məlumatından sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Həkimlər Hatice Mine Kocamazın hadisə yerində öldüyünü müəyyən ediblər.
Hadisədən sonra qaçan şübhəlinin tutulması üçün təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. Polis onun hərəkət istiqamətini müəyyənləşdirərək cinayətdən təxminən 30 dəqiqə sonra gizləndiyi ünvanda saxlayıb.

Qadının yaxınlarının sözlərinə görə, hadisə onun 7 yaşlı qohumunun gözü qarşısında baş verib. Ailə üzvləri cütlük arasında borclar və qumar problemi səbəbindən uzun müddətdir münaqişə yaşandığını bildiriblər.
Faktla bağlı istintaq davam etdirilir.

