Meksikada tanınmış bodibilder Angel Rodriges Mora valideynlərinə silahlı hücum edərək onları öldürüb, 13 yaşlı kiçik qardaşını isə ağır yaralayıb.
Need To Know nəşrinin məlumatına görə, hadisə San-Pedro-Çolula şəhərində baş verib. 30 yaşlı idmançı tapançadan ailə üzvlərinə atəş açıb.
Hadisədən sonra Mora özü təcili tibbi yardım və polis çağırıb. Lakin onun 70 yaşlı atasının və 54 yaşlı anasının həyatını xilas etmək mümkün olmayıb. 13 yaşlı qardaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn fövqəladə xidmət əməkdaşları bodibilderin qeyri-adekvat davrandığını bildiriblər.

Mora yerli fitnes ictimaiyyətində tanınırdı. O, böyük fitnes mərkəzlərindən birində şəxsi məşqçi kimi çalışır, eyni zamanda 13 mindən çox izləyicisi olan bodibildinq bloqu aparırdı.
Məlumata əsasən, idmançı ailəsinə hücum etməzdən cəmi iki həftə əvvəl narkotik asılılığından müalicə aldığı reabilitasiya mərkəzindən çıxmışdı.

