Almaniyada üç uşaq anası olan 36 yaşlı Türkiyə vətəndaşı sığınacaqda bıçaqlanaraq öldürülüb. Hadisədə şübhəli bilinən, qadının ayrı yaşadığı əri həbs edilib.
Hadisə sentyabrın 23-də Almaniyanın Koesfeld şəhərində yerləşən bələdiyyəyə məxsus sığınacaqda baş verib.
Bədəninin yuxarı hissəsindən çoxsaylı bıçaq xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.
Polis qadının ayrı yaşadığı 43 yaşlı ərini hadisədən bir neçə saat sonra Münster şəhərində saxlayıb. Sentyabrın 25-də onun barəsində qətldə şübhəli bilinərək həbs qərarı verilib.
Məlumata görə, şübhəli şəxs əvvəllər də qadına qarşı zorakılıq və digər hüquq pozuntuları ilə bağlı istintaqa cəlb olunub.
Prokurorluq kişinin həyat yoldaşının nikahı davam etdirmək istəməməsini qəbul etmədiyi üçün ona hücum etmiş ola biləcəyi ehtimalını araşdırır.
Şübhəli şəxs ittihamlarla bağlı ifadə verməyib. Faktla bağlı araşdırma davam etdirilir.

