Fransada kütləvi iğtişaşlarla mübarizə aparan xüsusi polis bölməsinin bütün əməkdaşları eyni gündə həkimə müraciət edərək etiraz aksiyalarında iştirak etməyiblər.
BFMTV telekanalının məlumatına görə, hadisə noyabrın 17-də ölkə üzrə keçirilən kütləvi etirazlar zamanı baş verib.
CRS 8 adlı xüsusi təyinatlı polis bölməsinin bütün əməkdaşları tibbi yardıma ehtiyac duyduqlarını bildiriblər. Nəticədə rəhbərlik bölməni etiraz aksiyalarında təhlükəsizliyi təmin etmək üçün səfərbər edə bilməyib.
Polislərdən biri bu addımı əməkdaşların həddindən artıq yorulması və son vaxtlar verilən tapşırıqlardan narazılığı ilə əlaqələndirib. Onun sözlərinə görə, çevik müdaxilə əvəzinə, əməkdaşlar əsasən sabit postlarda xidmət etməyə məcbur qalıblar.
“Unité” polis həmkarlar ittifaqı isə aylardır Daxili İşlər Nazirliyinə yüzlərlə CRS əməkdaşının fiziki və psixoloji cəhətdən tükəndiyi barədə xəbərdarlıq etdiyini bildirib.

