Azərbaycan və Almaniya iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Berlində ayrıca danışıqlar keçirmək barədə razılığa gəliblər.
Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, danışıqlar 2026-cı ilin iyulunda yaradılmış Azərbaycan–Almaniya İşgüzar Şurasının iclası çərçivəsində baş tutacaq.
“Biz razılaşmışıq ki, İşgüzar Şuranın iclası keçirilsin və iki ölkənin iqtisadiyyat nazirləri yaxın vaxtlarda Berlində görüşsünlər”, – deyə Vadeful qeyd edib.
Almaniyalı nazir həmçinin bildirib ki, hazırkı danışıqlarda Qazaxıstan neftinin Azərbaycan ərazisindən Avropaya nəqlinin artırılması məsələsi müzakirə olunmayıb. Söhbət Bakı–Tbilisi–Ceyhan neft kəməri və Gürcüstan üzərindən Qara dənizə çıxan marşrutlardan gedir.
“Xeyr, bu məsələ hazırkı danışıqlarımızın mövzusu olmayıb. Həmkarım Katarina Rayxe enerji sahəsinə də cavabdehdir. Buna görə də bu mövzuda zəruri müzakirələri aparmaq imkanını ona verəcəyəm”, – deyə Vadeful vurğulayıb.

