Türkiyə və Azərbaycan qarşılıqlı etimad əsasında hərbi əməkdaşlığı gücləndirir. Bu istiqamətdə birgə təlimlərə və müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi önəm verilir.
TRT Haber-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Nazir qeyd edib ki, Türkiyənin müdafiə və təhlükəsizlik siyasəti yalnız öz sərhədlərinin qorunması ilə məhdudlaşmır, daha geniş coğrafiyanı və böyük məsuliyyəti əhatə edir.
“Bu gün Silahlı Qüvvələrimiz ikitərəfli hərbi əməkdaşlıqla yanaşı, NATO, BMT, Avropa İttifaqı və ATƏT çərçivəsində sülhün qorunmasına, böhranların qarşısının alınmasına və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Bu kontekstdə qardaş Azərbaycanla hərbi əməkdaşlığımızı qarşılıqlı etimad əsasında, xüsusilə birgə hazırlıq, hərbi təlimlər və müdafiə sənayesi sahələrində gücləndiririk”, – deyə Gülər vurğulayıb.
Türkiyəli nazir ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesini diqqətlə izlədiyini də bildirib.
“İnanırıq ki, davamlı sülhün bərqərar olması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, nəqliyyat və ticarət əlaqələrinin, eləcə də iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcək”, – deyə o qeyd edib.

