Azərbaycan Ordusunda 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər 17 Noyabrın Azərbaycan xalqının azadlıq mübarizəsində və dövlət müstəqilliyinin bərpasında mühüm tarixi rolundan danışıblar.
Həmçinin Heydər Əliyevin milli dirçəliş ideyalarına və mənəvi dəyərlərə bağlılığı, Prezident İlham Əliyevin onun siyasi kursunu uğurla davam etdirməsi vurğulanıb.
Tədbirlərdə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa edilməsinin milli dirçəlişdən milli tərəqqiyə gedən yolda mühüm mərhələ olduğu qeyd edilib.

