Almaniyanın ən böyük bankı olan “Deutsche Bank” amerikalı qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqəli təxminən 600 milyon dollarlıq şübhəli əməliyyat aşkarlayıb.
Bu barədə Almaniyanın ZDF telekanalı “Inside Deutsche Bank” adlı beynəlxalq jurnalist araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya görə, bank beş ildən çox müddətdə Epşteynə xidmət göstərməyə davam edib və onun son hesablarını yalnız 2019-cu ilin iyulunda bağlayıb.
Beynəlxalq araşdırma çərçivəsində bankın 15 milyondan çox daxili sənədi, o cümlədən elektron məktublar, hesabatlar və müştəri siyahıları təhlil olunub.
Məlum olub ki, bank illərlə çirkli pulların yuyulması, korrupsiya və sanksiyaların pozulması ilə bağlı daxili xəbərdarlıqlara baxmayaraq, yüksək riskli müştərilərlə əməkdaşlığı davam etdirib.
Araşdırmada nüfuzlu və varlı müştərilərlə münasibətlərin qorunmasına üstünlük verildiyi bildirilir.
Epşteynin ölümü ilə bağlı isə professor Maykl Friman onun intihar deyil, qətl qurbanı ola biləcəyini iddia edib. Professorun fikrincə, bəzi sübutlar maliyyəçinin əvvəlcə boğulduğunu, daha sonra isə cəsədinin ikimərtəbəli çarpayıdan asıldığını göstərə bilər.
Qeyd edək ki, Epşteynin ölümünün qətl olması barədə bu iddia rəsmi olaraq təsdiqlənməyib.

